ABŞ-də "şatdaun" | Diplomat tapılmır

      ABŞ-də "şatdaun"    | Diplomat tapılmır
  02 Oktyabr 2025    Oxunub:608
"ABŞ federal hökumətinin öz fəaliyyətini dayandırması ("şatdaun") fonunda Prezidenti Donald Trampın Yaponiya, Malayziya və Cənubi Koreyaya gözlənilən səfərinin hazırlıqları diplomatik kadr çatışmazlığı ucbatından ləngiyir".
Yaponiyanın "Nikkei Asia" jurnalı öz mənbələrinə istinadən yazır ki, yaranmış kadr çatışmazlığı ABŞ hökuməti ilə adıçəkilən ölkələrin səfirlikləri arasında əlaqələrə əngəl törədib. Yaponiya səfirliyinin jurnala açıqlama verən, adı gizli saxlanılan rəsmi nümayəndəsi belə bir vəziyyətdə "qarşılıqlı əlaqələrin ən aşağı səviyyədə saxlanıldığını" vurğulayıb.

"ABŞ-nin dövlət təşkilatlarında, o cümlədən "Pentaqon"da yalnız rəhbər səviyyələrdəki şəxslər iş başındadırlar. Dövlət Departamentinin Yaponiya ofisinin bir sıra əməkdaşı da dünəndən etibarən ödənişsiz məzuniyyətə göndərilib. Hazırda ofis normal imkanlarının ancaq 75%-i ilə fəaliyyətdədir", - o söyləyib.

Malayziya səfirliyinin nümayəndəsi isə "şatdaun"a baxmayaraq, Donald Trampın bu ölkəyə səfəri üçün hazırlıqların dayandırılmadığını, ancaq Vaşinqtondakı vəziyyətin diqqətlə izləndiyini vurğulayıb. Cənubi Koreya səfirliyi də oxşar bəyanat verərək, sadəcə "əsas kadrlar"ın işlədiklərini deyib.
Politico: "ABŞ həftədə 15 milyard dollar itirəcək"

Məlumat üçün bildirək ki, Donald Trampın 26-28 oktyabrda Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində iştirakı gözlənilir. Onun həmçinin Yaponiyanın paytaxtı Tokioya, habelə oktyabrın 31-dən noyabrın 1-dək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak məqsədilə Cənubi Koreyanın Kyoncu şəhərinə səfəri planlaşdırılır.

Xatırladaq ki, dünən ABŞ federal hökuməti qismən "bağlanıb". Bu, respublikaçılar ilə demokratların büdcə xərcləri üzrə razılığa gələ bilmədikləri üçün baş verib. Bu çərçivədə dövlət təşkilatları öz işini dayandırıb, sosial proqramlar dondurulub, yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndərilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   şatdaun   diplomatiya   çatışmazlıq  



Xəbər lenti